Reklam verin!

İslamafobiya: Keçmiş bu günün də, gələcəyin də güzgüsüdür

Yazar: musliman @ Fevral 29, 2008 17:59

Rədiyyələrdən səlib yürüşlərinə, missioner axınlarından karikatura savaşına qədər Kilsənin gizli və açıq «İslam» siyasəti

Aqil ƏLƏSGƏR
Azərbaycan Dinşünaslar Birliyinin sədri

Bu gün Avropanın müxtəlif ölkələrində yürüdülən «İslamafobiya» dalğası bəlkə də kimlər üçünsə qəribə sayıla bilər. Kimsə İslama və sevgili Peyğəmbərimizə (s) qarşı Avropanın müxtəlif ölkələrində yürüdülən çirkin kampaniyanın təsadüf və ya bir-iki xristianın təəssübkeşliyi saya bilər. Ancaq tarixə nəzər saldıqda, bu günki çirkin kampaniyanın İslamın nazil olmasından bəri aparıldığının şahidi olacaqsınız. Görəcəksiniz ki, İslama qarşı karikaturalarla aparılan savaş rəddiyyələrlə başlayıb, səlib yürüşləri və missioner axınları ilə davam edib. XX əsrdə dialoq taktikasına baş vuran İslamın günü-gündən yayılan nurundan qorxanlar XXI əsrdə yenidən hücum taktikasına üstünlük verdilər.

Zatən, XX əsrin son əlli ilini, xüsusilə II İohan Pavel dönəmini istisna saymaqla (Həmin dövrdə də İslama qarşı Kilsənin mövqeyi dəyişməyib. Fəqət üstüörtülü hücumlara və İslam Qalasını içəridən fəth etmək taktikalarına üstünlük verilmişdi ki, bu başqa yazının mövzusudur.), Xristian Qərb hər zaman Müsəlman Şərqə qarşı hücum edib. Bu gün Hitlerin sabiq zabiti XVI Benediktin apardığı siyasət (İslama qərəzli münasibəti, Vatikanın «Dinlərarası Dialoq» Şurası ilə bağlı qərarı və s.) Kilsənin yenidən 1954-cü ildən əvvəlki mövqeyinə qayıtdığını, bəlkə də II Vatikan Konqressinin Kilsə ilə ilgili olan Üçüncü Böülümündə(Lumen-Centium-İnsanların işığı) yer alan "Nəhayət, İncili hələ qəbul etməmiş olanların, müxtəlif yollarla Tanrının xalqına qatılmaları üçün yola çıxmalarının vasitəsi tapılmışdır… Amma Tanrının Qurtuluş qanunnaməsi, Yaradanı tanıyanların hamısını, eyni zamanda bunların arasında xüsusilə İbrahim Peyğəmbərin imanına əməl edən, bizimlə birlikdə mərhəmətli və Qiyamət günündə insanları imtihan edəcək tək Tanrıya inanan Müsəlmanları da qucaqlayacaqdır… Kilsə Tanrının şərəfini yüksəltmək və bütün ümidsiz insanların qurtuluşunu gerçəkləşdirmək üçün Hörmətlimizin "Hər yaradılana İncil vəz edin" (Markos, 16/16) şəklində buyurğunu daim xatırlayaraq, bütün dünyaya İncilin yayılmasını hədəfləyən Misyonlarını inkişaf etdirməkdə və dəstəkləməkdədir " bəndinin həyata keçirilməsinə start verdiklərini göstərir.

Ümumiyyətlə, xristianların başqa dinlərə münasibətinin «biz və onlar» faktoru üzərində qurulduğunu demək olar(James F. Lewis, “Christianity and The Religions in The History of The Church”, Christianity and The Religions A Biblical Theology of World Religions ed. Edward Rommen-Harold Netlands, California 1995, s.144.). Xristianların islamla fikirləri ilk öncə Həzrəti İsa mövzusunda qarşı-qarşıya gəldi. Qurani-Kərimdə Hz.İsa ən böyük peyğəmbərlərdən sayılır və təhrif edilməmiş İncili inkar edən kafir sayılsa da, Quranın xristianlıqda sonradan meydana çıxan dəyişikləri göstərərək buna qarşı çıxması xristianların ürəyincə deyildi. Müsəlmanların onların İsaya «Allahın oğlu» deməsi ilə razılaşmamaları da konfliktlərin mənbəyində dayanan səbəblərdən biri idi. Türkiyəli ilahiyyatçı alim Suat Yıldırım xristianlığın əsrlər boyu özünü göstərən bu aqressiyasını bu sözlərlə izah edir:

«İslam ilk yayılışından etibarən xristianlığa görə, İslam Xristianlığı Sami köklərindən qoparıb, öz müqədəs torpaqlarında belə məğlub etmişdir. Həbəşistanı təcrid edərək Afrika xristianlığını ortadan qaldırmış, Bizans rənginə boyanmış Şərq Kilsəsinin fəaliyyətini məhdudlaşdıraraq onun yalnız Slavyan dünyasında mövcudiyyətinə toxunmamışdır. Katolikliyi Latın Kilsəsi ilə məhdudlaşdırıb, Reform zamanı onun bölünməsində önəmli rol oynamışdır. Xristian missionerlərin Orta Asiya və Uzaq Şərqə yayılmasının qarşısını alaraq, Şərq Kilsəsinin missiyasını Rusiyada xristianlığı yaymaqla məhdudlaşdırmışdır. Bu baxımdan İslama xristianlığın ən böyü rəqibi nəzəri ilə baxıla bilər»( Suat Yıldıdrım, Mevcut Kaynaklara Göre Hıristıyanlık, Izmir-1996(Ikinci baski), Işık Yayınları, s.321).

Tarixdə xristian-müsəlman münasibətlərinə gəlincə, qeyd edək ki, müsəlman-xristian dialoqlarında bəhs etdiyimiz kimi bu münasibətlər hələ İslamın yarandığı ilk illərə təsadüf edir. Hz.Peyğəmbərdən sonra da bu münasibətlər davam etmişdir. İslam idarəçiləri xristianlara müxtəlif (katiblik, tərcüməçilik, təbiblik) vəzifələr vermişdi. Həm vəzifəlilər, həm də xalq arasında müsəlmanların hakim olduqları bölgələrdə iki din mənsubları arasında olduqca səmimi münasibət qurulmuşdu. Xristianlığa tanınan hürriyyətin genişliyini həmin dövrdə İslama qarşı bir çox xristian fikir adamının öz dinlərini müdafiə edən, əksər hallarda İslama qarşı neqativ münasibət göstərməsi ilə yanaşı həm də xilafətin tabeliyində rahat yaşaması ilə izah etmək mümkündür. Qeyd edək ki, bu yazarların təqdim etdikləri İslam imajı olduqca neqativdir və onların əsərlərindəki mənfi imicin mərkəzində Həzrəti Məhəmmədin şəxsiyyəti dayanır. Bu yazarların fikrincə, Hz.Məhəmməd Ariuslu bir keşişdən məlumatlar alan, Kitabi-Müqəddəsə dair ibtidai savada malik, cinlərə hökm edən saxta peyğəmbərdir(Mustafa Alıcı, 75).

Əməvi xilafətində maliyyə naziri olmuş bir şəxsin nəvəsi olan Jean Damascene (Yuhanna əd-Diməşki) (655-749) İslama qarşı rəddiyyə yazanların önündə gəlməkdədir(A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.27.). Demək olar ki, əd-Diməşki, müsəlman fikir adamlarını xristianlığa qarşı rəddiyyələr yazmağa təhrik edən şəxsdir. Juravski onun İslam haqqında yazdıqlarının, polemikalarının teoloji baxımdan daha çox siyasi-ideoloji xarakter daşıdığını bildirir(a.ç.ə., s.27.). Əd-Diməşki İslamı xristian qaynaqlı bir dəlilik və Həzrəti Məhəmmədi Həzrəti İsaya qarşı çıxacaq Dəccal adlandırırdı. Əd-Diməşki müsəlmanlar arasında yaşasa da, yaşadığı mühitdən yararlanmamış, əksinə bizanslılar sayağı İslama yuxarıdan aşağı baxmışdır. Onun yazdığı “Disputatio Christiani et Sareceni” (Xristianlar ilə Müsəlmanlar arasında İxtilaf) adlı əsəri xristianların yazdıqları rəddiyyələrin arasında xüsusilə fərqənir. Yazılı dialoq nümunəsi olan əsər xristianlığı müdafiəyə həsr olunub. Müsəlman və xristian tərəflərinin xəyali qarşılaşmasından bəhs olunan əsər o dövrdə iki din mənsubları arasında yaşanan problemləri və əsas müzakirə obyektlərini ortaya qoyur. Əd-Diməşkinin bu əsərində müzakirə və müdafiə olunan mövzular arasında iradə hürriyyəti, təslis inancı(Clinto Bennett, “Christian Trinity and Muslim Attributes: An Invitation to Spritiual Exploration”, The Bulletin, (October- December 1991), 38.), İsanın ilahiliyi, İlahi Kəlamın məxluq olub-olmadığı kimi teoloji məsələləri sadalaya bilərik. Əd-Diməşki dialoqu «müzakirə və söhbət əsnasında İncilin həqiqətlərini bildirmək və qarşı tərəfin bunu qəbul etməsinə çalışmaq” kimi qəbul etmişdir. Bu cəhəti ilə kitab xristianların müsəlmanlarla müzakirə zamanı necə özlərini aparmalarını öyrədir(Gaudeul, a.ç.ə., 29-30.).

Əd-Diməşki başqa əsərlərində də İslama qarşı mənfi münasibətini sərgiləmişdir. Onun müsəlmanları nə qədər batil dinin mənsubları saysa da, islam dininə mənsub insanlara «agaren» (Həcər oğulları) və Ismaelites (İsmayıl oğulları) kimi adlar verərək İslam inancını yəhudi-xristian ənənəsi daxilində dəyərləndirmişdir.

Əd-Diməşkinin bu ifadəsi sonrakı xristian qaynaqlarında müsəlmanları tanıtmaq üçün ən çox işlədilən ifadələrin önündə gəlirdi. XI əsrdən XVI əsrə qədər səlcuqlulara, türk bəyliklərinə və osmanlılara da bu ad verilmişdi(Alexis G.C. Savvides, “Some Notes on the Terms Agarenoi, Ismaelitai and Sarakenoi in Byzantine Sources,” Byzantion, LXVII (1997), 88-92.). Qeyd edək ki, bu ifadə Kitabi-Müqəddəs qaynaqlıdır və termin olaraq Həzrəti İbrahimin Həcərdən olan oğlu İsmayılın adından götürülmüşdür(Təkvin, 16/12.). Məsələn, xaçlı səfərləri zamanı qərb xristianları Saranın cariyəsi Həcəri öz evindən uzaqlaşdırdığı kimi(Təkvin, 22/9.), İsmayılın oğullarını da müqəddəs torpaqlardan uzaqlaşdırmağın vacibliyini düşünürdülər(Tarek Mitri, The Abrahamic Heritage and Interreligious Dialoge: Ambiguities and Promise, Current Dialogue, sy. 36 (December 2000), 21.).

Bundan başqa qərblilər öz əsərlərində müsəlmanlara «Sarakenoi» (iki mənası var: 1.Şərqiyyun mənasında işlənib şərqlilər anlamına gəlir.2. «Saraka» felindən törənib quldurlar mənasındadır), «Ismaelitikon Phylon» (İsmayılın irqi), «Mousoulmanoi» (müsəlmanlar), «Persai» (İranlılar), «Moamethanoi» (Məhəmmədilər), «Türklərin dini», «İslams»(İslamlar) və s. adlarla müraciət etmişlər. «İslamizm» ifadəsi ara-bir işlədilsə də, əsasən İkinci Dünya Savaşından sonra daha çox işlədilməyə başlamışdı(William C. Smith, The Meaning and End of Religion, New York 1964, 77-78.).
Abbasi xəlifəsi Mehdinin çağdaşı olan katalikos I Timoteus (728-823) isə Həzrəti Məhəmmədin Həzrəti İbrahim xəttini davam etdirərək bütləri qırmağa və ərəbləri doğru yola yönəltməyə göndərilən peyğəmbər olduğunu qəbul edirdi. Amma o da xristianlığın islamdan daha üstün olduğunu isbatlamağa çalışırdı. Onun xüsusilə, Xəlifə Mehdi ilə 781-ci ildə qarşılaşması o dövrün məşhur hadisələrindən sayılır.

I Timoteusun xristian düşüncəsini müdafiə tərzində yazdığı, ərəb və süryani dillərində nüsxələri mövcud olan və «Xəlifə Məmun ilə qarşılaşma» əsərində bu iki din arasındakı ümumi müzakirə mövzularına toxunub(Gaudeul, Encounters & Clashes- Islam and Christianity in History- I. Survey, 34.).

Harranlı Melkit yepiskopu Theodore Əbu Qurra da (ö.925-də sonra) İslam ilə münaqişəyə girən şəxslərdən idi. Bu xristian teoloqun əsərləri arasında yunanca yazılmış və müsəlmanlarla dialoqlarından bəhs edən risalələr var. «Dialoqlar» adını verdiyi bu əsərlərdə Əbu Qurra «barbar» adlandırdığı xəyali müsəlmanla qarşılıqlı olaraq söhbət etməkdədir. O, müsəlmanların Allah inancı, çoxarvadlılıq kimi məsələlərini kəskin tənqid edərkən, təslis, İsanın ilahiliyi və xilasedici olması kimi mövzularda qarşı tərəfin suallarını cavablandırmaqdadır(Jean- Marie Gaudeul, Encounters & Clashes- Islam and Christianity in History- II. Texts, Rome 1990, 14-15.). O, təslisin politeizm mənasında olmadığını iddia edirdi.

Bağdaddakı yəqubi xristianlarından olan Yəhya ibn Adi(893-974) isə İslam haqqında ərəb dilində əsər yazan ilk xristian müəllif sayılır. O, tövhid ilə təslis inancının arasında əlaqə yaratmağa cəhd edirdi. Sidon yepiskopu Antakyalı Paulun (XII əsr) İslama münasibəti müsbət idi. Onun fikrincə İslam və Xristianlıq eyni gerçəkləri ehtiva edirdi.
Bizansda yaşayan xristian fikir adamları arasında İslamla az da olsa maraqlanan var idi. Belə müəlliflərdən Evoda İle George Hamartolos (IX əsr), Barthelemy d`Edesse (XIII əsr) və imperator II Manuel Paleologuenin adlarını sadalamaq olar. Sonuncunun təxminən 1391-ci ildə yazdığı «Bir müsəlmanla görüşmələr» əsəri məşhurdur. Bizans müəllifləri İslamın bəzi dini dəyərlərini qəbul etsələr də, ümumən ona qarşı mənfi mövqe tutublar. Hətta bəzən Nicetas de Byzanse (IX əsr) kimi İslamı bütpərəstliklə qarışdıranları da olurdu. Müsəlmanları yaxından tanıma imkanına malik olduğu halda Bizansın İslama qarşı mənfi baxışı ifrat dini təəssübkeşdən və siyasi səbəblərdən qaynaqlanırdı.
XI əsrdə Papa VII Gregoirenin Moritaniyadakı Bəni Hammad qalasının əmiri ən-Nasıra yolladığı məktubda müsəlman başçını “Həzrəti İbrahim yönündən tək Tanrını qəbul edən qardaşı” adlandıraraq salamlaması da diplomatik gediş kimi dəyərləndirilir. Eyni zamanda belə bir davranış orta əsrlər Roma Papası üçün tək istisna olmuşdur.
Qərb Latın dünyasının İslama qarşı münasbəti də Bizansın düşüncəsindən fərqlənmirdi. “La charson de Roland”, “Roman de Mahon” kimi əsərlər o dövr qərb xristianlarının İslam haqqındakı düşüncələrini ortaya qoyur. Həmin əsərlərdə müsəlmanların Şeytan, Yupiter və Apollonla birlikdə Mahon adlı bütə etiqad göstərdikləri iddia edilir və ya Mahon, Tervagon (Şeytan) və Apollondan ibarət üçlük uydurulur(A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.29.). Onların fikrincə Həzrəti Məhəmməd (onların sözü ilə desək Mahon) Allahlığa iddia edirdi.

XI-XII əsrlərdən etibarən Avropada İslama qarşı münasibət daha da pisləşdi. Papa II Urbanın 1095-ci il Klermont konqresində müsəlmanlara qarşı xaçlı səfərinə çıxmaq barədə çağrısından(Steven Runciman, A History of The Crusades, New York 1964, 101-105.) sonra xristianlar üçün müsəlmanlar artıq «batil bir məzhəbə inanan zümrə», «Allahsız xalq», «əbədi cəhənnəmlik qövm»ə çevrilmişdi. Bu haqsız ittihamlar təkcə xalq arasında yayılmır, eyni zamanda kilsə vəəzlərində də dilə gətirilirdi. Səlib yürüşləri də bu kin və düşmənçiliyin böyüməsinə səbəb olan yalan və yanlış provokasiyaların nəticəsi idi. Həmin dövrdə Avropanı kəndbəkənd gəzərək əhalini müsəlmanlara qarşı savaşa təşviq edən insanlara rast gəlmək adi hala çevrilmişdi. 70-dən çox dastanda müsəlmanlar «İsanın düşməni», «bütpərəst», «barbar», «əxlaqsız», «zalım» kimi qələmə verilirdilər(Bekir Karlığa, İslâm Düşüncesi’nin Batı Düşüncesi’ne Etkileri, İstanbul 1993, 78-79; amlf., “İslâm-Hıristiyan Diyaloğu ve Akdeniz Ülkelerinde Müslüman- Hıristiyan Ortak Yaşamı” Diyanet İlmi Dergi, Temmuz-Ağustos- Eylül 1996, 88-90.). Ancaq yaddan çıxarılmamalıdır ki, Avropanın İslam düşüncəsindən faydalanmasında Əndəlüs və Siciliyada inkişaf edən elmi çevrələrdən daha çox bu səlib yürüşlərinin təsiri olmuşdur(Karlığa, “İslâm Düşüncesinin Batı’ya Geçişinde Haçlı Savaşları , Endülüs ve Sicilya”, Mavera, Ocak 1987, s.17.; A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.21.). Səlib yürüşləri zamanı xristianlar müsəlmanların elmə xüsusi önəm verdiklərindən dolayı inkişaf etdiklərini gördülər və müsəlmanları məğlub edə bilmək üçün onların elmi tərəqqisindən faydalanmağın vacibliyini anladılar(Karlığa, İslâm Düşüncesi’nin Batı Düşüncesi’ne Etkileri, 128.). Məhz bu səbəbdən xristian din adamları Əndəlüs, Siciliya kimi qərbə ən yaxın müsəlman mərkəzlərinə axışaraq, İslam elm və mədəniyyətini öz ölkələrinə daşıdılar. Sorbon və Oksford kimi qərb universitetlərində İbn Rüşdçü və İbn Sinaçı mərkəzlərin yaradılması(Karlığa, a.ç.ə., 17.; A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.22.) da bunun bariz örnəyi sayıla bilər. Həmin dövrdə qərb dünyasını İslam düşüncəsi ilə tanışlığı yönündə mühüm addım atan şəxsin X əsrin sonları və XI əsrin əvvəllərində papa olan II Sylvestre olduğunu deyə bilərik. O, papa vəzifəsinə sahib olan kimi təsiri altında qaldığı müsəlman elm adamlarının əsərlərinin kilsə mənsubları tərəfindən oxunmasının vacibliyini ortaya qoydu(Karlığa, “Batı Düşüncesinin Oluşumunda İslâm Düşüncesinin Rolü (Arapça’dan Latince ve İbraniceye Tercümeler), Bilim Felsefe Tarih, c. 1, 1991, 83-85; a.mlf., İslâm Düşüncesi’nin Batı Düşüncesi’ne Etkileri, İstanbul 1993, 169.). Uzun Roma rəqəmlərinin yerinə daha praktik olan ərəb rəqəmlərindən istifadə etmə təklifi də ona məxsusdur(Karlığa, “Batı Düşüncesinin Oluşumunda İslâm Düşüncesinin Rolü (Arapça’dan Latince ve İbraniceye Tercümeler), 86.).

İspaniyada 1143-cü ildə ingilis Robert de Ketton, Hermann, Pierre de Toledo və bir ərəbdən ibarət tərcümə heyəti quran keşiş Pierre le Venerable xaçlı səfərlərinə və «müqəddəs cihad»a qarşı çıxsa da, onun da İslamla bağlı düşüncələri mənfi idi. O, «Summa totius haeresis» adlı kitabında İslamı tanımaq yolu ilə bu dinə qarşı mübarizə aparmağın lazım olduğunu söyləyirdi(A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.22.). O, müsəlmanları bütpərəst saymasa da, əsərində «Məhəmmədin şeytani Quranında yazdığı kimi» ifadələrə yer verir. Pierre Hz.Məhəmmədi Hz.İsanın Tanrının oğlu olduğu inansını rədd edən Arius ilə Allahı belə qəbul etməyən Dəccalın arasında ortaq mövqeyə sahib olduğunu yazır.
XIII əsr xristianların başqa dindən olanlara olduqca mülayim yanaşdıqları və onları «öyrənməyə» çalışdıqları bir dövr sayılır. Bu əsrdə artıq qərblilər hər dövrdə müsəlmanların çox böyük elmi və fikri əsərlər ortaya qoyduqlarını, xüsusilə Bağdadın 1258-ci ilə qədər elmin məbədi olmasını qəbul edirdilər. Bu şəhərdə yetişmiş alimlərdən ən çox qərblilərin diqqətini çəkənlər isə iki böyük ərəb tarixçisi Ibn Nədim (ö. 987) və Şəhristani (ö. 1153) idi. Qərb düşüncəsinə görə, bu iki din tarixçisi öz dövrlərinin dini düşüncələrinin əsl ensiklopediasını meydana gətirmişdir. Kordovada isə İbn Həzmın (994-1064) dinlərin müqayisəli araşdırılması yönündəki fəaliyyəti təqdir edilirdi.(67)
Bu dönəmin ən önəmli xristian siması Əziz Thomas Aquinas (1225-1274) idi. O, insanlara və dinlərə daha rasionalist yanaşmanın tərəfdarı idi və Əziz Thomas xristianlarla müsəlmanlar arasında fərqlərin ortaya çıxmasında müqəddəs kitabların rolunun olduğunu bildirirdi. Əziz Thomas hər iki din mənsublarının əxlaqi həmfikirliyinin mövcud olduğunu söyləyirdi(Carl F. Hallencreutz, Dialogue and Community, Ecumenical Issues in Inter-religious Relationships, Uppsala and Geneva, 1977, 15; James Waltz “ Muhammed and The Muslims in St Thomas Aquinas, The Muslim World, LXVI, (April 1976), 81-95.). Bu dövrdə xristian monastr təriqətlərinin başqa dinlərə qarşı müsbət münasibətlərini də qeyd etmək lazımdır. Bu təriqətlərdən olan fransisken təriqətinin qurucusu Asisili Əziz Francesco, 1219-cı ildə həvari Pavlusun metodundan istifadə etmək niyyəti ilə Misirə gedərək müsəlmanlarla dialoq qurmağı düşünmüşdür(Suat Yıldıdrım, a.ç.ə, s.321). Səlib yürüşlərinin qızğın vaxtında o, müsəlmanlara qarşı müsbət münasibət sərgiləyirdi. Bu məqsədlə 1219-cu ildə Aralıq dənizi ilə Misirə gedərək Sultan Səlahəddin Əyyubini ziyarət etmişdi. O, müsəlmanlarla qarşılaşarkən onları mühakimə etməməyi, sülhsevər bir şəkildə dürüst və təvazökar olmağı tərəfdarlarından istəyirdi. Əslində, Əziz Françesconun bu siyasəti səlib yürüşləri ilə xristianlaşdırıla bilməyən müsəlmanların zehinlərindəki barbar xristian obrazını dağıtmaq və həmin insanların arasında İncili təbliğ etməyi hədəf seçmişdi. Bu baxımdan da Əziz Françesconu XIX əsrin ortalarından etibarən güclənən missioner axınının ilk dəstəsinin başçısı saymaq olar.
Qərb xristianları arasında ilk dəfə Guilliaume de Malmesburynun müsəlmanların fikrincə, Həzrəti Məhəmmədin Tanrı deyil, peyğəmbər olduğunu yazması da bu əsrə təsadüf edir. 1273-cü ildə Tripolili dominikan sektasına bağlı Guillaume Fələstində Həzrəti Məhəmmədin həyatı, Məryəm və İsa ilə bağlı Quran ayələri və XIII əsrə qədər İslamın yayılmasını xüsuslarını tədqiq edən kitab nəşr etdirir. Enkarnasion və təslisin İslam fikir adamlarını düşüncəsinə tərs düşmədiyi tezisini müdafiə edən əsər xaç yürüşləri ilə kəskinləşən Xristian- İslam münasibətlərinin yaxşılaşması yolunda addım sayıla bilər.(59) Qeyd edək ki, Guillaume, Qüds hökmdarlarından birinin müşaviri olan baş yepiskop idi və sünnilərlə şiələr, türklərlə ərəblər arasında problemləri gözəl bilirdi.(60)
XIII əsrdə yaşayan Roger Bakon müsəlmanların ortaq dili olan ərəb dilini öyrənir, fəlsəfi və elmi əsərləri tədqiq edirdi. O, İbn Sinanın əsərlərinin o qədər təsirinə düşmüşdü ki, onu «xristian» deyə adlandırırdı. Rahib Raymond Lulle isə İslamın xristianlığa ən yaxın din olduğunu yazır və ancaq sevgi ilə müsəlmanların xristianlaşdırıla biləcəyini söyləyirdi(Karlığa, a.ç.ə., 89; Abdurrahman Küçük, İslâm ve Günümüz Meseleleri,Ankara 1991, 153.; A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.35.). Məhz 1312-ci ildə Vyana konqresinin Roma, Paris, Oksford və başqa universitetlərdə ərəb dilinin öyrənilməsi barədə qərar çıxarmasında onun böyük təsiri olmuşdur(Karlığa, a.ç.ə., 21.).

Uzun müddət müsəlmanlar arasında yaşayan Rikaldo de Monrekrokenin (ö.1320 ) İslam və bu dinə mənsublar haqqında söylədikləri də olduqca diqqətçəkicidir. Rikaldo müsəlmanları tərifləsə də, onların belə müsbət insanlar olmasında İslamın rolunu görmək istəyir:«Necə olur ki, bu çiçəklər belə bir zibillikdə açırlar? Quranınkı kimi zalım və insafsız şəriət necə olur ki, belə fəzilətli mömünlər yetişdirə bilir»? Oksford Universitetinin teoloqu olan John Wyclifin (1320-1384) fikrincə isə xristianlarla müsəlmanlar arasında əsl problemin İncilin ruhu ilə İslamın mesajı arasında uyğunsuzluqdur(Gaudeul, a.ç.ə.,131-132.).

XV əsrdə kardinal Nikolay Kuzansikiy (1401-1464) Quranın mahiyyəti haqqında sələflərindən fərqli mövqe sərgilədi(a.ç.ə., s.36.). Nikolay Quranın tamamilə rədd etmək əvəzinə, yəhudi-xristian qaynaqlı olmasını əsas gətirərək Quranın «filtirasiya»dan keçirilməsini istəyirdi.

Nikolay Kuzansikiy (1401-1464) isə “De Pace Fidei” adlı əsərində fərqli dinlərə mənsub insanlar arasında ümumi barışın gerçəkləşməsinin mümkün olduğunu iddia etmişdi. Fikrini belə əsaslandırmışdı ki, bütün dinlərin arxasında Tanrı iradəsinə bağlı tək bir din var. Bu səbəbdən də bütün dinlər qorunmalı və təzədən şərh olunmalıdırlar. O, bu fikirlərini gerçəkləşdirmək üçün Qüdsdə bütün dünya dinlərinin qatılacağı dünya dinləri konfransının vacibliyini vurğulayırdı(Gaudeul, a.ç.ə., 195.).

Orta əsr xristian düşüncəsini islamla bağlı ən geniş araşdırma aparmış xristian alim Youakim Moubarac aşağıdakı kimi ifadə edir: “müsəlmanın yaxşı olmasına heç bir maneə yoxdur. Amma islami olan hər şey pisdir”. Çünki qərbin hətta ən aydın insanları belə İslamı tanımadan bu din haqqında fikir ortaya qoyurdular. Orta əsr xristianları xaç yürüşdəri ilə Aralıq dənizi hövzəsini müsəlmanlardan almaq istəmələri uğursuzluqla nəticələndikdən sonra, heç olmasa İslamın Avropaya daxil olmasının qarşısını almaq istəyirdilər. Papa II Pienin İstanbulu fəth edən Fateh Sultan Məhəmmədə xristianlığı qəbul edərək Bizans imperatorluğunun varisi olmasını təklif etməsini də bu qəbildən dəyərləndirsək yanılmarıq. Ən maraq doğuran faktlardan biri odur ki, dini münasibətlər kəskin olduğu bir vaxtda özünü İslam xilafətinin varisi elan edən osmanlılarla xristian kilsəsi arasında çox sıx əlaqə mövcud idi. Məsələn, xəyalpərəst III Şarl osmanlılara qarşı səlib yürüşünə çıxmağı düşünərkən, səlib yürüşlərinin xeyir-dua verəni Papa II Urbanın xələfi Papa VI Alexandr Borgia sultan II Bəyazidlə çox isti münasibət qurmuşdu. Hətta Papa 1490-1494-cü illərdə II Beyaziddən sultanın qardaşı və rəqibi Cem Sultanı «fəxri sürgün»də saxlamaq üçün illik haqq alırdı. Yaxud, Papa VI Alexandr Borgianın 1493-cü ildə Romada gizli ruhanilər məclisinin toplantısında kardinallar, yepiskoplar və avropalı elçilər ilə birlikdə Osmanlı sultanının elçisini təntənəli şəkildə qarşılaması tarixi mənbələrdə öz təsdiqi tapıb. Və ya qərb dövlətlərinin o dövrün digər böyük müsəlman imperiyası Səfəvilərlə isti münasibətini həmin dövrdəki siyasi münasibətlər baxımından misal çəkə bilərik.

Reform hərəkəti dövründə də İslama münasibət əvvəlkidən kəskin şəkildə fərqlənmədi. Reform hərəkatının banisi Martin Lüter (1483-1546) başlanğıcda müsəlman olan türkləri tərifləsə də, sonradan Papanı “Dəccalın ruhu” adlandıran zaman, onları da “Dəccalın bədəni” deyə təqdim edir(a.ç.ə., 38.). Reformatorların İslama qarşı mənfi münasibəti bu hərəkatın başlanmasında İslamın təsirinin olması ilə əlaqələndirilir. Reformatorların rəqibləri onların Avropanın kin bəslədiyi türklərə (müsəlmanlara) meyl etdiyini qabardıqları üçün, bunlar da ciddi-cəhdlə özlərini “təmizə çıxarmaq” istəyirdilər. Lüterançılardan Melanchton, Martin Butzner, Volfanq Mausslin və Jerome Zanchinin İslama qarşı rəddiyyələrini buna misal olaraq göstərmək olar. Reform hərəkətinin öndərlərindən olan Teodor Bukmanın (Bibliander adı ilə məşhurdur) isə Quranı tərcüməsini nəşr etdikdən sonra İslam haqqında əvvəlki düşüncələrindən xeyli geri çəkildiyi görülməkdədir.

Bütün bunlara rəğmən reform hərəkatının istər katolik, istərsə də protestant avropalısının İslama qarşı baxışında dözümsüzlüyün azalmasına səbəb olduğunu görürük.

Rönesans başlayandan sonra 1647-ci ildə Sieur de Ryer Qurani-Kərimin ilk fransız dilində tərcüməsini nəşr edir. 1697-ci ildə çap olunan Barthelemy d`Herbelotun “Bibliotheque Orientale” əsəri İslam dini haqqında nisbətən doğru məlumat verən ilk ensiklopediya sayıla bilər.

İngilis filosofu Con Lokkun XVII əsrin sonlarında yazdığı “A Letter Concerning Toleration” adlı əsəri qərb dini dözümlülüyünə aid nadir misallardan biridir. Lokk “Nə bütpərəst, nə müsəlman(Mahometan), nə də yəhudi, dinindən dolayı sivil haqqlarından məhrum olunmamalıdır”( Bernard Lewis, “Medeniyyetlerin buluşması ve dinler”, (Çeviren: Mahmut Salihoglu) Dinbilimleri Akademik Araştırma Dergisi III (2003), Ankara, Sayı: 4, s.136.) deyərək o dövr üçün sensasiya sayılacaq mövqe ortaya qoyurdu. Həmin dövrə nəzər salanda bu mövqe anqlikan kilsəsinin mövqelərinin üst-üstə düşdüyünü görürük. Anqlikan kilsəsi üçün katoliklərdən başqa hamı yaxın idi. Məhz Roma və Anqlikan kilsələri arasında gedən amansız rəqabət Lokk kimi mütəfəkkirlərin belə müsəlman və digər din mənsublarına baxışlarına təsir edirdi.

XVIII əsr qərb üçün aydınlanma dövr olduğundan İslama baxışda da əvvəlkindən az da olsa fərqlər mövcud idi. Bəzən bilərəkdən və ya bilməyərəkdən katolikliyə qarşı olaraq İslama simpatiya bəsləyənlər tapılırdı. Əslində burada İslamı qəbul etmədən daha çox xristianlıqdan qurtulma faktoru mühüm əhəmiyyət kəsb edirdi. Leibnizin (1646-1716) fikrincə mədəniyyət monastırlardan çıxmayıb və qədim yunan və romalıların fikrinin məhsulu idi, Avropaya isə bu mədəniyyət müsəlmanlar tərəfindən gətirilmişdi. 1720-ci ildə isə müəllifi naməlum xristian olan "Hz. Məhəmməd yalançı deyil"(“The Report on a Symposium:Religion and the Contemporary World from the Point of View of Muslim and Christian Thinkers ", Dialogue-Secretariat for İnter-Religious Dialogue, Sy.1,28.) sərlöhvəli risalə nəşr edildi. 1730-cu ildə isə Kont le Boulainvilliersin İslam Peyğəmbərini tərifləyən “Vie de Mahomet” ("Məhəmmədin Həyatı") adlı kitabında müəllif Həzrəti Məhəmmədin əqli və təbii bir din qurduğunu yazır. Oksford Universitetinin müəllimi Simon Ockley (1678-1720) «Ərəblərin tarixi» əsərini yazarkən (1708) müsəlman şərqi xristian qərb qarşısında göylərə yüksəldirdi(K&;uuml;ltürlərarası Dialoq Simpozyumu, İstanbul Böyükşehir Belediyyesi Kültür İşləri Dairə Başkanlığı, İstanbul 1998, səh.223; ,"Diyanet" aylıq jurnalı, yanvar, sayı:97,səh.22.). Bu əsər şərqşünaslıq araşdırmalarının nəticələrini geniş oxucu auditoriyasına tanıtmaq üçün ilk təşəbbüs idi.
Düzdür, həmin dövrdə Volter kimi İslamı həqarətlərə məruz qoyan yazarlar da az deyildi. Amma Fransa imperatoru Napaleonun İslama münasibəti həmin dövrün xristianlığın islama münasibəti mövzusunda xüsusi yerə sahibdir və digər məsələləri kölgədə qoyur. Napaleonun Misirdəki generalı Kleberə məktubunda “Peyğəmbərimiz Məhəmməd (s)” ifadəsini işlətməsi, Məkkə şərifinə göndərdiyi məktubun başında “bismillahir-rəhmanir-rəhim” sözlərini və kəlimeyi-şəhadəti yazması, İslam haqqında müsbət sözləri xeyli diqqətçəkicidir. Onun imperialist həvəsi ilə belə etdiyini deyənlər olsalar da, tarixçilər Napoleonun dövlət idarəsi baxımından islami nizamı mənimsədiyini söyləyirlər. Moubarac Napaleonun deisit olduğundan İslama isti münasibət göstərdiyini, fəqət heç vaxt dinin əmrlərini tətbiq edən sadiq bir təbəə olmadığını yazır.

Ernest Renanın 1851-ci ildə “Mahomet et les origines de d`Islamisme” konfrasında Həzrəti Məhəmməd qədər heç kimin düşüncələrə hakim olmadığını yazırdı(Ö.A.Bodarev, İstoriə Vozniknoveniə Xristanstva, İslama i Buddizma, NTUU “Kievskiy Politexniçeskiy İnstitut”, Fakulğtet Glektroniki, Kafedra Filosofii, (referat), Kiev 2000, s.3. A.V.Juravskiy, Xristanstvo İ İslam Soüiokulğturnıe Problemı Dialoqa, Moskva. «Nauka»-1990, s.78.). Bu fikirləri XIX əsr qərbinin İslama baxışını əks etdirdiyini söyləyə bilərik. Hərçənd ki, Renan sonradan qatı islam əleyhdarına çevrildi və əvvəl dediklərini təkzib etdi.
Habelə XIX əsr xristian missionerlərinin şərqə yürüşünün sürətləndiyi bir dövrdür. Qərbin imperalist maraqlarının önə çıxdığı, şərqin iki böyük dövlətinin-İran və Türkiyənin də get-gedə zəifləyərək qərbdən asılı vəziyyətə düşmələri xristian missionerlərinə neçə əsrdən bəri həsrətində olduqları müsəlman şərqinin içərisinə girməyə şərait yaratdı. Bu missioner fəaliyyətlərə etiraz olaraq meydana çıxan panislamizm hərəkatları isə qərb imperialistləri tərəfindən sərt qarşılanır və hər yerdə panislamistlərlə mübarizə aparmaq qarşıya məqsəd qoyulurdu. Qısa olaraq bu əsri xarakterizə etsək deyə bilərik ki, bu əsrdə qərb fikir adamlarının düşüncələri ilkin orta əsr rahiblərinin fikirlərindən fərqlənmədi. Juravski isə XIX əsr Qərbinin İslama baxışını analiz etdikdə, burada ikili baxışın olduğunu bildirir. Onun fikrincə, XIX əsr xristian qərbinin düşüncəsində iki islam var idi: bunlardan biri «barbar», «vəhşi», qərb sivilizasiyasının düşməni olan islam idisə, digəri imperializmin qoruyucusu, stabilliyin mənbəyi kimi istifadə olunan din idi(A.V.Juravskiy, a.ç.ə., s.42.).

XX əsrin əvvəllərində isə xristian araşdırmaçılar İslamda yəhudi və xristianlığın təsirlərini araşdırmaqla məşğul oldular. Bu məsələdə ispaniyalı keşiş Don Migiuel Asin Palasiosun(1871-1944) öncüllük etdiyini vurğulamaq yerinə düşərdü. Asin Palasiosun İbn Ərəbi, Qəzzali haqqında yazdıqları buna misal ola bilər(A.V.Juravskiy, a.ç.ə., s.22.). Asin Palacios müsəlmanlarla xristianlar arasında etiqadi fərqlərin kiçik olduğu düşüncəsindədir. Amma o, təsəvvüfə çox yer ayırdığından, Qurani-Kərim və Hz.Peybəmbər məsələsini dərindən tətqiq etməmişdir.

İslamiyyəti öz dəyərləri içərisində tanımaq istəyən fransız Lui Massingon (1883-1962) bu din haqqında «İbrahimi firqə» ifadəsini işlədir. Onun fikrincə, Həzrəti Məhəmməd tövhid inancının qəhrəmanlarından biridir. İslamı «sürgün edildikləri halda yenə də xüsusi bir bərəkətdən feyz alan Həcər və İsmailin varisi» sayan Massingon bu dini «yəhudi və xristianlara qarşı Həzrəti İbrahimin mirasından haqq tələb edən sürgündəklilərin bir araya gəlməsi» sayır(A.V.Juravskiy, a.ç.ə., s.53.). Bütün mənfi-müsbət cəhətlərinə rəğmən, Massingonun İslam haqqında düşüncələrinin XX əsr xristianlığı üzərində böyük təsirə malik olduğunu söyləmək lazımdır. Bundan sonra kilsə mənsubu olan şərqünasların əksəriyyətinin fəaliyyəti onun tövsiyyə və toxunduğu mövzuların daha dərindən işlənməsindən ibarət olub. Onun bu fəaliyyəti Massingonun ölümündən az öncə başlayan II Vatikan konqresinin qərarlarına da öz təsirini göstərdi. Ancaq o zaman Massiqnon həyatda yox idi.

Ümumiyyətlə, XX müsəlman-xristian əlaqələri üçün çox yeni münasibətlərin və müsəlman-xristian dialoqu üçün yeni ümidlərin doğduğu bir dönəm sayılmaqda idi. Xristianlar tərəfindən dialoqun rəsmiləşdirilərək təşkilatlandırılması, teoremlərinin müəyyənləşdirilməsi ilə o vaxtadək ancaq kin bəslənilən müsəlmanlar həmin qurumların, toplantıların vazkeçilməz ünsürü və tərəfləri olmuşdular(Yar.Doç.Mustafa Alıcı, "Tarixdə və Günümüzdə Müslüman-Hiristiyan Diyalogu", "Bilgi Yorum" (sanal dərgi), 5 şubat 2003, s.4.). Yəni xaçlı səfərləri, sonradan isə missioner axınları ilə müsəlmanların nifrətini qazanmış xristian qərblə, eyni zamanda da İstanbulu tutduqdan sonra qərbin mənfi baxışlarına tuş gəlmiş müsəlman şərq arasında istiləşmə və yaxınlaşma hiss olunmağa başlamışdı.

Ancaq nə oldu? Nədən XX əsrin barışcıl havası XXI əsrdə əsmədi? Çünki keçmiş gələcəyin hər zaman təminatı olub. Xristian Qərb də İslama qarşı taktika dəyişikliyinin Asiyada xristianların artmasından daha çox, Avropada müsəlmanların sayınını artırılmasına səbəb olduğundan İslama qarşı savaşa yenidən start verdi. Baxmayaraq ki, İslam yaranandan bu günə kimi bütün bəşəriyyətə sevgi ilə yanaşıb...

mənbə yenicag.az

Müxtəlif | Şərhlər(0)
Baxış sayı: 119
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha